logo

Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdirildi

11:55 26-12-2018 | icon 2982
Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdirildi

Dekabrın 26-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Keson şəhərində Şimali Koreya ilə Cənubi Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi layihəsinin rəmzi açılış mərasimi keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Keson şəhərindəki Panmun stansiyasında keçirilən mərasimdə hər iki tərəfdən rəsmi şəxslər iştirak ediblər. Cənubi Koreyadan nəqliyyat və birləşmə nazirlərinin, parlament üzvlərinin də olduğu təxminən 100 nəfərlik heyət xüsusi qatarla səhər saatlarında Keson şəhərinə gəlib. Mərasimdə BMT nümayəndələri, Rusiya, Çin və Monqolustan təmsilçiləri də iştirak ediblər.

Qeyd edək ki, iki ölkənin dəmir və avtomobil yollarının birləşdirilməsi və KXDR-in dəmir yollarının modernləşdirilməsi barədə razılıq Koreya Respublikası Prezidenti Mun Ce-inin sentyabrda Pxenyanda KXDR lideri Kim Çen In ilə görüşündə əldə olunub. Buna uyğun olaraq, iki tərəfin müvafiq qurumlarının məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə Şimali Koreyanın dəmir yolu şəbəkəsinin təftişi layihəsinin icrasına başlanılıb. BMT Təhlükəsizlik Şurası layihəni Şimali Koreyaya tətbiq olunan sanksiyalara aid etməməklə ona “yaşıl işıq yandırıb”. Bundan başqa, ABŞ tərəfi də layihəyə razılıq verib.

Cənubi Koreya tərəfi layihənin açılış mərasiminin hələ iki ölkənin dəmir və avtomobil yollarının birləşdirilməsi demək olmadığını bəyan edib. Çünki KXDR-in nüvə proqramının tam ləğvi ilə bağlı proses başa çatmayıb, paralel olaraq Şimali Koreyaya tətbiq olunan sanksiyalar qüvvədədir. Açılış mərasimi rəmzi xarakter daşıyır və tərəflərin məsələyə dair niyyətlərini nümayiş etdirir.