Macarıstan prezidenti tərəfindən imzalanan əmək qanunvericiliyi islahatı Budapeşt küçələrinə minlərlə etirazçının çıxmasına səbəb olub. Layihə elan olunduqdan sonra etiraz aksiyasına hazırlaşan nümayişçilər ölkənin ali qanunvericilik orqanının binasının qarşısına yürüş ediblər. Müxalifət bəyan edib ki, bu, başa çatan ildə onların son aksiyalarıdır, lakin Yeni ildə etirazlar davam edəcək.
YeniAvropa xəbər verir ki, ölkədə keçirilən son sorğuların nəticələrinə görə, macarların 70 faizi bu etirazları əsaslı hesab edir.
Ölkədə kütləvi nümayişlər dekabrın 12-dən sonra, parlament tərəfindən xalq arasında “kölə” adlandırılan qanun layihəsinin təsdiqlənməsindən sonra başlayıb. Bu layihə işəgötürənlərə artıq iş saatlarının ildə 250 saatdan 400 saatadək artırmağa şərait yaradır. Ölkənin baş naziri Viktor Orban etirazları “isterik çığırtı” adlandırıb və milyarder Corc Sorosu onların təşkilində və maliyyələşdirilməsində ittiham edib.