Hindistanla Cənubi Koreya ticarət dövriyyəsini 50 milyard dollara çatdırmaq niyyətindədir
Asiyanın iqtisadi cəhətdən ən böyük ölkələrindən olan Hindistan və Cənubi Koreya 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini illik 50 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq niyyətindədirlər.YeniAvropa Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə iki ölkənin xarici siyasət idarəsinin rəhbərlərinin Dehlidə keçirdikləri görüşdə bildirilib. Tərəflər daha çox Cənubi Koreya sərmayəsinin Hindistanda infrastrukturun yenilənməsi layihələrinə cəlb olunması barədə razılığa gəliblər.
Hindistanın xarici əlaqələr naziri xanım Suşma Svarac Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva ilə görüşdən sonra bəyan edib ki, ölkəsi Koreya şirkətlərinin Hindistanda iqtisadiyyatın müxtəlif sahələrində daha fəal iştirakını arzulayır. O, “Hindistanda düzəlt”, “Hindistan bacarığı”, “Rəqəmsal Hindistan” və “Ağıllı şəhər” təşəbbüslərinin həyata keçirilməsi istiqamətində qabaqcıl texnoloji nailiyyətləri olan Cənubi Koreya şirkətlərini Hindistan hökuməti ilə səmərəli əməkdaşlığa təşviq etdiklərini deyib.
Tərəflər “Kompleks iqtisadi tərəfdaşlıq sazişi” ilə bağlı danışıqların tezliklə başa çatdırılması barədə də razılıq əldə ediblər.
Qeyd edək ki, Asiyanın 3-cü və 4-cü ən böyük iqtisadiyyatları olan Hindistan və Cənubi Koreya arasında ticarət dövriyyəsi hazırda 20 milyard dollar səviyyəsindədir.