Dekabrın 20-də Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsinin sənədlərinin bir hissəsi internetdə dərc ediləcək.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Latviya Milli Arxivinin mətbuat xidməti məlumat yayıb. “Bu il dərc olunacaq sənədlər qrupuna DTK əməkdaşlarının telefon kitabçası, komitənin ştatdankənar operativ işçilərinin qeydiyyat kartotekası, agentlərin əlifba və statistik kartotekası, habelə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin qeydiyyat siyahısı daxildir”, - məlumatda belə deyilir.
Bir qədər əvvəl Konstitusiyanın Müdafiəsi Bürosu Seymin insan hüquqları və ictimai işlər üzrə komissiyasına DTK-nın kartotekasının internetdə dərc olunmasının müəyyən risklər yaradacağı, o cümlədən əhali arasında təhlükəsizlik xidmətinə etimadı aşağı sala biləcəyi barədə məktub göndərib. Məktubda kartotekadakı məlumatın orada adları keçən insanlara əsassız zərər vura və ölkənin təhlükəsizliyinə təhlükə yarada biləcəyi də qeyd edilib.
Xatırladaq ki, oktyabrın 4-də Latviya Seymi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sənədlərinin ilin sonuna qədər internetdə dərc olunması barədə qanun layihəsini yekun oxunuşda qəbul edib. Respublika 1940-1991-ci illərdə SSRİ-nin tərkibində olub.
Ölkədə bir neçə il əvvəl Latviya SSR DTK-sının arxivlərini tədqiq edən ekspert və tarixçilərdən ibarət xüsusi hökumət komissiyası yaradılıb. Komissiyanın qarşısında duran əsas məqsəd arxivlərin elmi, o cümlədən tarixi və hüquqi baxımdan tədqiqi, həmçinin ölkəyə və vətəndaşlara vurulan maddi və mənəvi zərərlərin müəyyən olunmasıdır.