logo

Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib

11:09 18-12-2018 | icon 2751
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib

Yaponiyada “Seibu” dəmir yolu şirkəti süni intellektə malik robot-nəzarətçini stansiyada sınaqdan keçirib.

YeniAvropa xarici mətbuata istinadla xəbər verir  ki, vəzifəsi stansiya nəzarətçilərinə kömək göstərməkdən ibarət olan robot kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

“Süni intellektə malik robotun sınaqdan keçirilməsi barədə qərar 2020-ci ildə baş tutacaq Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədardır. Yarışlar zamanı ölkəyə gələn turistlərin və dəmir yolu xəttindən istifadə edənləri sayı kəskin artacaq. Bununla əlaqədar stansiyadakı əməkdaşların işini azaltmaq və təhlükəsizliyi təmin etmək üçün robotun sınaqlarına başlanıb”, -deyə “Seibu” şirkətinin nümayəndəsi Maki Sone bildirib.

Stansiyada gəzən robotun funksiyalarına özünü pis hiss edərək yerə oturan və ya yıxılan sərnişin barədə əməkdaşları məlumatlandırmaq daxildir. Belə ki, stansiyada dəmir yolu xətlərinin çoxluğu səbəbindən stansiyadakı nəzarətçi baş verən hadisəni görməyə bilər. Bu zaman robot baş verən hadisə barədə əməkdaşı məlumatlandırmalıdır. Eyni zamanda, robot stansiyada unudulan sahibsiz əşyalar barədə də məlumat verməlidir. Bununla da stansiyada çalışan əməkdaşlar ərazini dəfələrlə yoxlamaqdan azad olaraq, baş verən hadisə və ya təhlükəli əşya barədə operativ məlumat almaq imkanı qazanacaqlar.

Şirkət rəsmisi bildirib ki, hazırda sınaqlar davam etdirilir və bundan sonra robotun işə qəbul edilməsi məsələsi haqda qərar qəbul ediləcək.