logo

Avstriyada hökumətə qarşı etiraz aksiyası keçirilib

16:58 17-12-2018 | icon 2828
Avstriyada hökumətə qarşı etiraz aksiyası keçirilib

Avstriyanın paytaxtı Vyana şəhərində yeni hökumətə qarşı etiraz aksiyaları keçirilib. Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyasının koalisiyada olduğu hökumətin bir illik fəaliyyətinə qarşı yönəlmiş etiraz aksiyalarında 20 minədək insan iştirak edib.

YeniAvropa xəbər verir  ki, yeni hökumətin daxili işlər naziri Herbert Kiklin həm sağçı-populist siyasi mövqeyi, həm də miqrasiya sahəsində yürütdüyü restriktiv siyasət ötən həftələrdə bu nazirliyin qarşısında kiçik qrupların dinc nümayişinə gətirib çıxarmışdı. Həftənin cümə axşamları keçirilən aksiyalarda həm daxili işlər naziri, həm də onun mənsub olduğu Avstriya Azadlıq Partiyasının ölkənin həyatındakı həllini gözləyən mühüm məsələləri kənarda buraxaraq, yalnız miqrasiya mövzusunu ön planda tutmaları və bu sahədəki məhdudlaşdırıcı siyasəti tənqid edilirdi.

Ötən gün Avstriya həmkarlar təşkilatlarının təşkil etdiyi etiraz aksiyalarında isə bütün hökumət hədəfə alınıb. Şəhərin mərkəzi küçələri ilə hərəkət edən izdiham hökuməti sağçılığa meyillilik, rassizm və sosial sistemin çökdürülməsində ittiham edib. Təşkilatçılar hökumətdə sağçılıq meyillərinin güclənməsinin bütün ölkə üçün təhlükəli olduğunu və əhalinin buna qarşı reaksiya verməsinin vacibliyini bildiriblər. Etiraz aksiyaları Prezident Administrasiyası, Nazirlər Kabineti və bir neçə nazirliyin yerləşdiyi Ballhausplatz meydanında başa çatıb.