Şri-Lankanın baş naziri Mahinda Racapaksa dekabrın 15-də postunu tərk edib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Mahinda Racapaksa bu addımı “dövlətdə sabitliyin təmin olunması” məqsədilə atdığını bildirib.
“Press Trust of India” agentliyinin məlumatına görə, Şri-Lanka hökumətinin başçısı postuna Prezident Maytripala Sirisenanın oktyabr ayında istefaya göndərdiyi Ranil Vikramasinqhe qayıdacaq.
Ölkədə siyasi böhran oktyabrın 26-da Baş nazir postunda Ranil Vikramasinqheni əvəzləyən Mahinda Racapaksanın andiçmə mərasimindən sonra başlayıb. Şri-Lanka Ali Məhkəməsinin dekabrın 13-də çıxardığı qərara əsasən, Racapaksa Baş nazir funksiyasını yerinə yetirə bilməz. Bu səbəbdən də o, vəzifəsini tərk etməli olub.