Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi mərasimi dekabrın 26-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Panmun stansiyasında keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, tərəflərin işçi səviyyədə dekabrın 13-də keçirdikləri görüşdə bu barədə razılıq əldə olunub.
İki ölkənin dəmir və avtomobil yollarının birləşdirilməsi və KXDR-in dəmir yollarının modernləşdirilməsi barədə razılıq Koreya Respublikası Prezidenti Mun Ce-İnin sentyabrda Pxenyanda KXDR lideri Kim Çen In ilə görüşündə əldə olunub. Buna uyğun olaraq, iki tərəfin müvafiq qurumlarının məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə Şimali Koreyanın dəmir yolu şəbəkəsinin təftişi layihəsinin icrasına başlanılıb. BMT Təhlükəsizlik Şurası layihəni Şimali Koreyaya tətbiq olunan sanksiyalara aid etməməklə ona “yaşıl işıq yandırıb”.