logo

İsveçrənin ilk qadın müdafiə naziri vəzifəsinin icrasına başlayır

14:05 11-12-2018 | icon 2751
İsveçrənin ilk qadın müdafiə naziri vəzifəsinin icrasına başlayır

İsveçrə tarixində ilk dəfə Müdafiə Nazirliyinə qadın rəhbərlik edəcək.

YeniAvropa xəbər verir  ki, dekabrın 5-də bu ölkənin parlamentində Federal Şuraya (hökumət) keçirilən seçkilərdən sonra departamentlərə (nazirliklərə) rəhbər vəzifələr üzrə təyinatlar olub. Federal Şuranın yeddi üzvü arasında aparılan səsvermə nəticəsində rəhbər vəzifələr üzrə bölgü aparılıb və Şuraya yeni üzv seçilən Xristian Demokrat Xalq Partiyasının nümayəndəsi Viola Amherd Müdafiə, Əhalinin Mühafizəsi və İdman Departamentinə rəhbər seçilib. İndiyədək müdafiə naziri olan Quy Parmelin isə iqtisadiyyat naziri olacaq.

Yeni seçilmiş müdafiə nazirinin qarşısında duran əsas məsələlərdən biri ölkənin Hərbi Hava Qüvvələri ilə bağlı yeni planları həyata keçirməkdir. Federal Şura yeni qırıcılar, hərbi avadanlıq və yer-hava raketlərinin alınmasına təxminən 8 milyard İsveçrə frankı xərcləmək niyyətindədir. Lakin siyasi düşərgələr arasında müdafiə xərclərinin həcmi ilə əlaqədar ziddiyyətlər mövcuddur və 2020-ci ildə bu məsələyə ümumxalq səsverməsində aydınlıq gətirilməlidir.

Eyni zamanda, orduda islahat və dəyişikliklər, fövqəladə vəziyyətlərdə səfərbərliyin təşkili, ölkənin kibertəhlükəsizliyinin müasir standartlar səviyyəsinə qaldırılması, həmçinin Əhali və Mülki Müdafiə haqqında Qanunda islahatların aparılması yeni nazir üçün həllini gözləyən məsələlər sırasındadır.

Qeyd edək ki, Federal Şuranın digər yeni üzvü Karin Keller-Sutter isə daxili səsvermə ilə ədliyyə naziri vəzifəsinə seçilib.