Dekabrın 5-də Ərzincan polis məntəqəsində yoxlama zamanı ağırtonnajlı yük maşınında aşkarlanan 1 ton 271 kiloqram narkotik vasitə Türkiyənin cümhuriyyət tarixində bir dəfəyə rekord miqdarda tutulan heroindir.
YeniAvropa xəbər verir ki, heroin daşıyan maşın Van-İstanbul istiqamətində hərəkət edirmiş. Əvvəlcə maşına baxış zamanı 500 kiloqram narkotik vasitə aşkarlanmışdı. Lakin yük maşınına ətraflı baxış keçirildikdən sonra tapılan heroinin çəkisi 1271 kiloqrama çatıb. Faktla bağlı istintaq aparılır. Üç nəfər həbs olunub.
Rəsmi məlumata görə, cari ilin yanvar-noyabr aylarında Türkiyənin təhlükəsizlik qüvvələri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 133 min 747 əməliyyat keçirib. Həmin dövrdə 17 ton 300 kiloqram heroin ələ keçirilib. Əməliyyatlarda saxlanılan 188 min 707 şübhəlidən 21 min 276-sı həbs edilib.