logo

OPEC Qətərin təşkilata üzvlükdən çıxmasına münasibət bildirib

15:11 04-12-2018 | icon 2751
OPEC Qətərin təşkilata üzvlükdən çıxmasına münasibət bildirib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri bazarda tarazlığın və sabitliyin əldə edilməsinə sadiqdir.

YeniAvropa xəbər verir  ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Qətər tərəfindən bu ölkənin OPEC Əsasnaməsinin 8-ci maddəsinə əsasən gələn il yanvarın 1-dən təşkilata üzvlükdən çıxarılmasına dair məktub alıb. Qətərin energetika naziri Saad al-Kaabinin məktubunda OPEC-ə üzv ölkələrə, OPEC-in baş katibinə və təşkilatın bütün heyətinə təşəkkür edib.

“Hər bir üzv ölkənin təşkilatdan çıxmaq hüququ vardır və buna OPEC Konfransının heç bir razılığına ehtiyac yoxdur. Təşkilat Qətər tərəfindən alınan qərara hörmətlə yanaşır. OPEC Katibliyi üzv olduğu bir neçə onilliklər ərzində təşkilata dəstəyinə görə Qətərə təşəkkür edir”, - deyə OPEC-in məlumatında qeyd olunur.

Təşkilat bildirir ki, son üç ildə Qabon (2016-cı il), Ekvatorial Qvineya (2017-ci il) və Konqo (2018-ci il) OPEC-ə üzvlüyə qəbul edilib: “OPEC təşkilata üzv olmaq istəyən istehsalçıların davamlı marağını yüksək qiymətləndirir. OPEC əvvəllər olduğu kimi təşkilata üzv və “Əməkdaşlıq Bəyannaməsi” vasitəsilə OPEC-ə üzv olmayan 10 ölkə ilə birgə bazarda tarazlığın və sabitliyin əldə edilməsi, davam etdirilməsinə tam sadiqdir”.

Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib.

Qeyd edək ki, 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.