İran və Azərbaycan dəmir yolları sistemlərini birləşdirəcək Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi tamamilə hazırdır və prezident Həsən Ruhaninin iştirakı ilə yanvar ayında açılışı olacaq.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Həmidi deyib. Onun sözlərinə görə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu istifadəyə verildikdən sonra yükdaşımaya xərclənən vəsaitin 30 faizinə qənaət ediləcək. Azərbaycan ərazisi ilə yüklərin Rusiya və Avropaya daşınması daha təhlükəsiz və səmərəlidir.
X.Həmidi bildirib ki, Qəzvin-Rəşt-Astar yolunun tikintisinə 2012-ci ildə başlanıb və 2018-ci ilin noyabr ayında yolun Qəzvin-Rəşt hissəsi tikilib başa çatdırılıb. Rəşt-Astara hissəsi isə qarşıdakı 3 il ərzində inşa edilərək istismara veriləcək. Qəzvin-Rəşt yolunda 53 tunel, 62 körpü inşa edilib. Yolun dağlıq ərazidən keçməsi çətinliklər yaratsa da layihə vaxtında icra edilib.
Nazir müavini nəzərə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu yükdaşıma xərclərinin 38 faiz, çatdırma müddətinin isə 22 gün azalmasına səbəb olacaq ki, bu da iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.