Amerika Birləşmiş Ştatları Misirə ümumi dəyəri 1 milyard dollar olan 10 ədəd müasirləşdirilmiş “AH-64E Apache” hücum helikopteri, həmçinin onların döyüş sursatları və ehtiyat hissələrini tədarük etmək barədə qərar qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə Misir mətbuatında xəbərlər yer alıb. Bildirilir ki, bu məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı İdarəsi yayıb.
Xəbərdə qeyd edilib ki, bu qərar Yaxın Şərqdə strateji tərəfdaşın təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Sənəddə qeyd olunur ki, Misir Sinay yarımadasında regional sabitliyi pozan terror fəaliyyətinə qarşı hər iki ölkənin maraqları naminə müqavimət göstərmək məqsədi ilə mövcud çoxməqsədli hücum helikopterlər parkını genişləndirmək niyyətindədir. Həmçinin vurgulanır ki, bu saziş regionda hərbi balansı dəyişməyəcək.