ABŞ Yaxın Şərqdə yaşayan xalqları öz qulu hesab edir. Rəsmi Vaşinqton “bu regionda yaşayan xalqların başına hansı oyunu istəsəm aça bilərəm” fikrindən əl çəkməlidir.
YeniAvropa xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda keçirilən “İslam Birliyi” beynəlxalq konfransında çıxışı zamanı deyib. O bildirib ki, dünya müsəlmanları birliyə nail olsalar Suriyada, Yəməndə, Fələstində, Əfqanıstanda, Pakistanda, İraqda insanların qanının axıdılması dayanar.
Prezident bəyan edib ki, ABŞ-ın Yaxın Şərqdə törətdikləri quldarlıq dövrünü xatırladır. Rəsmi Vaşinqton hamının eyni cür düşünməsini, eyni cür yaşamasını istəyir, dünyaya zorla Amerika dəyərlərini qəbul etdirmək istəyir. Lakin İran bütün xalqların və insanların azad və öz istəklərinə uyğun yaşamasını istəyir. İran bütün region xalqlarını dostu və qardaşı hesab edir.
İran prezidenti bir daha dünya müsəlmanlarını birliyə və həmrəyliyə çağırıb. O qeyd edib ki, müsəlmanlar birliyə nail olsalar Yaxın Şərqdəki münaqişələrə və günahsız insanların qətlinə son qoyular.