Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərar Ali Radanın bu dəqiqələrdə başa çatan iclasında deputatların böyük əksəriyyətinin səs çoxluğu ilə qəbul olunub.
Hərbi vəziyyət Odessa, Sumı, Xarkov, Nikolayev, Çerniqov, Vinnitsa, Luqansk, Herson, Donetsk, Zaporojya vilayətlərində, həmçinin Azov dənizində tətbiq ediləcək və 30 gün müddətinə qüvvədə qalacaq.
Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Ali Radaya təqdim etdiyi sənəddə ölkədə hərbi vəziyyətin 60 gün olması təklif edilmişdi. Lakin Ali Radada aparılan məsləhətləşmələrdən sonra sənədə dəyişiklik olunub. Hərbi vəziyyətin elan olunmasına səbəb Rusiya Silahlı Qüvvələrinin Azov dənizində Ukrayna Silahlı Qüvvələrinə qarşı silahlı güc tətbiq etməsidir.
Xatırladaq ki, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Ukrayna beynəlxalq təşkilatları Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.