logo

Tbilisinin mərkəzində Saakaşvilinin  əleyhinə aksiya keçirilib

17:50 25-11-2018 | icon 2541
Tbilisinin mərkəzində Saakaşvilinin  əleyhinə aksiya keçirilib

Noyabrın 25-də Tbilisinin mərkəzindəki "Azadlıq" meydanında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu və ölkənin əsas müxalif qüvvəsi sayılan “Vahid Milli Hərəkat” Partiyasının əleyhinə kütləvi etiraz aksiyası keçirilib.

YeniAvropa xəbər verir  ki, iqtidar yönümlü “Nasizmə yox” ictimai birliyinin təşkil etdiyi aksiyaya minlərlə insan qatılıb. Etiraz aksiyasına “Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib.

Əllərində Gürcüstan bayrağını dalğalandıran aksiya iştirakçıları “Mişaya yox!”, “Milli hərəkatçılara yox!”, “Gürcüstanı qoruyaq!” şüarlarını səsləndiriblər. “Vətənpərvərlər Alyansı” partiyasının liderlərindən olan İrma İnaşvili çıxış edərək bildirib ki, meydana toplaşan insanlar ölkənin keçmişə qaytarılmasını istəmirlər.

“Biz terrorizm, zorakılıq və kasıblıq dövrünə qayıtmaq istəmirik. Prezident seçkilərinin ikinci turunda biz Salome Zurabişvilini dəstəkləməliyik, çünki ölkənin başqa seçimi yoxdur. Qriqol Vaşadzeni dəstəkləmək keçmişə qayıtmaq deməkdir”, – deyə İnaşvili vurğulayıb.

Aksiya nəticəsində meydan ərazisindən keçən yolda avtomobillərin hərəkəti bir müddət dayanıb. Nümayiş dinc şəraitdə keçib və heç bir qarşıdurma qeydə alınmayıb.