Gürcüstanda əsas ana müxalifət hesab olunan “Vahid Milli Hərəkat” partiyasının regional əlaqələndiricisi Elmira Butsiaşvilinin evinə basqın olub.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, gecə saatlarında Elmira Butsiaşvilinin Qurdcaani rayonunun Vidjini kəndindəki evinə “Molotov kokteylləri” atılıb və güclü yanğın baş verib. Nəticədə həyətdəki avtomobil və tikili yanıb. Elmira Butsiaşvili baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirib. DİN-də faktla bağla cinayət işi açılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl partiyanın daha bir fəalına qarşı hücum olmuşdu. Bıçaq yarası almış müxalifət lideri xəstəxanaya yerləşdirilib.
Siyasi analitiklər prezident seçkilərinin ikinci turu ərəfəsində bu cür hadisələri ölkənin demokratik imicinə zərbə kimi qiymətləndiriblər.
Analitiklərin fikrincə, bu cür hadisələri iqtidar partiyası da törədə bilər. Amma burada üçüncü əlin də olması mümkündür. Bəzi qüvvələr bu yolla ölkədə qarışıqlıq yaratmaqla sabitliyi pozmağa çalışa bilərlər.