Gürcüstan hökuməti ölkədə banka borcu olan və adları “qara siyahı”ya düşən vətəndaşların borclarının silinməsi ilə bağlı xüsusi tədbirlər həyata keçirəcək. Nəticə etibarı ilə Gürcüstanda 600 mindən çox vətəndaşının banklara, onlayn maliyyə-kredit təşkilatlarına olan borcları silinəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze ötən keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq.
M.Baxtadze deyib: “Bu cür borcların, təxminən 95 faizini kreditlər təşkil edir. Bu kreditlərin məbləği də hər bir şəxs üçün 2 min laridən azdır”. Bildirilib ki, 600 mindən çox sosial təminat almayan, məhdud imkanları olan vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısında təxminən yarım milyard öhdəliyi var. Onların bu borcları sıfırlanacaq.
M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi “Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək. Amma bu prosesə digər maliyyə institutları da cəlb olunacaq.
“Borcu olan 600 minədək vətəndaşımız Yeni ili borcsuz qarşılayacaq. Eyni zamanda, onların aylıq məvacibləri kredit borclarının bağlanmasına deyil, ailə büdcəsinə sərf olunacaq”, – deyə Baş nazir vurğulayıb.