Noyabrın 19-da “Nissan” avtomobilqayırma şirkətinin direktorlar şurasının sədri Karlos Qon könüllü şəkildə Tokio prokurorluğuna gəlib və burada həbs olunub.
YeniAvropa xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
“Nissan Motor Co.” şirkətinin mətbuat üçün yaydığı məlumatda qeyd edilir ki, K.Qon şəxsi gəliri haqda məlumatları uzun müddət aşağı göstərib. Şirkətdən, həmçinin bildiriblər ki, K.Qonun və direktor Qreq Kellinin işdən azad ediləcəkləri gözlənilir. Q.Kellinin gəlirlər barədə məlumatı azaltmaqda K.Qona kömək etdiyi bildirilir.
Noyabrın 19-da səhər saatlarında “Asahi” qəzeti K.Qonun maliyyə cinayətinə görə həbs ediləcəyi barədə məlumat yayıb. Şirkətin topmeneceri özü Tokio prokurorluğuna gələrək günahlarını etiraf edib. “Nissan” şirkətindən isə bildiriblər ki, daxili mənbədən alınan məlumat əsasında istintaq aparılıb. Məsələ ilə bağlı şirkətin noyabrın 19-da axşam saatlarında Yokohamada yerləşən mənzil-qərargahında mətbuat konfransı keçiriləcəyi gözlənilir.
Kyodo agentliyinin yaydığı digər xəbərə görə, Karlos Qon və Qreq Kelli beş il ərzində təxminən 446,4 milyon dollar haqqında informasiyanı gizlədiblər.