logo

Ermənilər bu dəfə katolikos II Qareginin istefasını tələb edirlər

15:33 19-11-2018 | icon 2863
Ermənilər bu dəfə katolikos II Qareginin istefasını tələb edirlər

Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib.

YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, “Yeni Ermənistan, yeni patriarx” devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını deyirlər. Aksiya iştirakçılarının iddialarına görə, o agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx “məxməri” inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunur. Deputatlar da II Qareginə qarşı çıxırlar. Parlamentin son iclasında katolikosun mühafizəsi haqqında qanun layihəsi qəbul olunmayıb. Sənədi Respublikaçılar Partiyası təqdim edib. Qanun layihəsi parlamentdə qızğın mübahisələrə səbəb olub.

Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Sənədin qəbul olunmamasında onlar Nikol Paşinyanın “Çıxış” fraksiyası və tərəfdarlarını qınayıblar. “Çıxış” fraksiyasından isə bildiriblər ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir. Bu barədə o, özü düşünməlidir. Deputat Alen Simonyanın sözlərinə görə, Ermənistan büdcəsi ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılmasına imkan vermir.