logo

Azərbaycan bədii filmi Almatı kinofestivalında nümayiş etdiriləcək

18:44 18-11-2018 | icon 1456
Azərbaycan bədii filmi Almatı kinofestivalında nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir.

YeniAvropa xəbər verir  ki, bir sıra ölkələrdən qonaqların dəvət olunduğu 14-cü festivalda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov da iştirak edir.

Bu dəfəki festivalda türkdilli dövlətlərin filmlərinin nümayişinə üstünlük verilib.

Festival çərçivəsində keçiriləcək film müsabiqəsində Azərbaycanın “Siçan-pişik" tammetrajlı bədii film göstəriləcək. Filmin quruluşçu rejissoru Fərəc Süleymanov, ssenari müəllifləri Əlibəy Məmmədli və Fərəc Süleymanov, quruluşçu operatoru Ruslan Ağazadə, səs rejissoru Ədalət Xəlilov və Orxan Ağalarov, icraçı prodüseri Qurban Bünyadovdur. Filmdə baş rolları Əlibəy Məmmədli və Pərvanə Talıbzadə canlandırıblar.

Qeyd edək ki, Qazaxıstan kinomatoqrafiyasının təməlini qoyanlardan biri olan Şaken Aymanovun xatirəsinə həsr edilən film festivalının prezidenti tanınmış aktyor və rejissor Asanalı Aşimovdur.