Tramp Fətullah Gülənin ekstradisiyası məsələsinin hələlik müzakirə olunmadığın deyib
ABŞ prezidenti Donald Tramp noyabrın 17-də Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının hələlik müzakirə olunmadığını bildirsə də, sonradan bu məsələyə qayıda biləcəyini istisna etməyib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ lideri bu barədə Kaliforniyaya səfərindən öncə Ağ evin qarşısında jurnalistlərə bildirib.
Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, ABŞ prezidenti Səudiyyə Ərəbistanına təzyiqi azaltmaq üçün Güləni ölkədən çıxarmaq kimi bir fikirlərinin olmadığını qeyd edib. Ər-Riyadı ticarət və iqtisadi baxımdan Vaşinqtonun yaxın müttəfiqi adlandıran Donald Tramp prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşdıqlarını, Türkiyə ilə əlaqələri genişləndirmək istədiklərini vurğulayıb.
Xatırladaq ki, Ankara Fətullah Güləni 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdində təqsirləndirir və onun ekstradisiyasını israrla tələb edir.