Gürcüstanda prezident seçkilərinin ikinci turuna 10 milyon laridən çox vəsait ayrılıb
Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turuna dövlət büdcəsindən 10 milyon 583 min 22 lari, təqribən 4 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bu vəsait seçkilərə hazırlığa, seçici subyektlərinin maliyyələşdirilməsinə və s. məqsədlər üçün xərclənəcək.
Məlumat üçün qeyd edək ki, birinci turu oktyabrın 28-də keçirilən seçkilərə dövlət büdcəsindən 15,1 milyon dollardan çox vəsait xərclənib.
Xatırladaq ki, seçkilərin ikinci turunda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və əsas ana müxalifət partiyası hesab olunan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaqlar.