Gürcüstandan Rusiyaya gedən əsas Mtsxeta-Stepantsminda-Lars (Hərbi yol) avtomagistralı güclü qar, yolların buz bağlaması və qar uçqunu səbəbindən bütün növ avtomobillər üçün bağlanıb.
YeniAvropa xəbər verir ki, bununla bağlı Gürcüstanın İnfrastruktur və Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, aramsız qar yağması səbəbindən beynəlxalq əhəmiyyətli bu yolda qar uçqunu təhlükəsi yaranıb. Eyni zamanda, yollar buz bağlayıb və hər iki amil avtomobillərin hərəkəti üçün ciddi təhlükə yaradıb. Ona görə də həmin ərazidə bütün növ avtomobillərin hərəkəti dayandırılıb.
Hazırda yolda neçə avtomobilin qaldığı və yolun nə zaman açılacağı barədə məlumat verilmir.
Azərbaycan, Ukrayna və Türkiyədən olan, yol bağlandığı üçün Tbilisiyə qayıdan avtomobil sahiblərinin verdiyi məlumata görə, yolda bir neçə yerdə qar uçqunu baş verib.
Hazırda yolda xeyli avtomobil var. Gürcüstan polisi və digər aidiyyəti qurumlar onların daha təhlükəsiz ərazilərə daşınmasına köməklik göstərir.