Tacikistanın paytaxtı Düşənbədəki Firdovsi adına parkda turizmin inkişafı ilinə həsr edilən “Oşi palav” plov festivalı keçirilib.
YeniAvropa xəbər verir ki, festivalın açılışında Tacikistan prezidentinin köməkçisi Abdujabbor Rahmonzado, təhsil və elm naziri Nuriddin Said, mədəniyyət naziri Şamsiddin Orumbekzoda və digər rəsmi şəxslər iştirak ediblər.
Festivaldakı əsas qazanda bir ton plov bişirilib. Bu plovu tacikistanlı tanınmış aşpazı Sabirjon Muxammadjanovun rəhbərliyi ilə yeddi aşpazdan ibarət qrup hazırlayıb. Plova paytaxtın şərəfinə “Düşənbə” adı verilib.
Bundan başqa, Tacikistanın bütün vilayətlərindən dəvət edilən 200 aşpaz nisbətən kiçik ölçülü 400 qazanda daha doqquz ton plov bişirib.
Sabirjon Muxammadjanov bildirib ki, bir ton plovun bişirilməsinə 250 kiloqram düyü, 200 kiloqram ət, 350 kiloqram yerkökü, 90 litr bitki yağı, 30 kiloqram soğan, 5 kiloqram kişmiş, 1 kiloqram zirə sərf olunub.
Tacikistanda ümumilikdə 200 resept əsasında 60 cür plov bişirilir.