logo

Camal Kaşıkçının ölwm hökmü Səudiyyənin yüksək vəzifəli şəxsləri tərəfindən verilib

15:34 03-11-2018 | icon 2772
Camal Kaşıkçının ölwm hökmü Səudiyyənin yüksək vəzifəli şəxsləri tərəfindən verilib

Jurnalist Camal Kaşıkçının öldürülməsi barədə əmr Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri tərəfindən verilib.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, bu açıqlama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “The Washington Post” qəzeti üçün yazdığı məqalədə yer alıb.

“Heç kim NATO müttəfiqinin ərazisində belə cinayət törətməyə cürət etməməlidir. Bu xəbərdarlığa məhəl qoymayanlar ciddi nəticələrlə qarşılaşacaqlar”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, cinayətin baş verdiyi gündən bəri dövlət əlində olan bütün imkanları səfərbər edərək qətlin əvvəlcədən planlaşdırılan sui-qəsd olduğunu bütün dünyaya sübut edib.

“Camal Kaşıkçının qətli barədə əmrin Səudiyyə Ərəbistanı rəhbərliyindən gəldiyini bilirik”, - Ərdoğan məqaləsində belə yazıb. O, əmrin kim tərəfindən verildiyi və jurnalistin cəsədinin harada olduğu barədə suallara cavab tapılması üçün əllərindən gələni edəcəklərini deyib.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Camal Kaşıkçının qətlindən sonra Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfərin arasında cinayətin birbaşa icraçılarının olduğunu bilir.

Türkiyə prezidenti, eyni zamanda Ankaranın Ər-Riyadla dost münasibətlərinin olduğunu və cinayətin iki ölkə arasında problemə yol açmadığını vurğulayıb, eyni zamanda, jurnalistin öldürülməsi barədə əmrin kral Salmandan gəlmədiyinə tam əminliyini ifadə edib.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf edib.