Rusiyanın Mərkəzi Bankı 2018-ci ilin üçüncü rübündə 92,2 ton qızıl alıb ki, bu da üç ay ərzində satın alınan rekord həcmdə qiymətli metal deməkdir.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Qızıl Şurasının (World Gold Council) icmalında yer alıb. Nəticədə Rusiyanın qızıl ehtiyatı tarixdə ilk dəfə 2 min tonu keçib. Bu, ölkənin ümumi ehtiyatının 17 faizinə bərabərdir.
Təşkilatın məlumatına əsasən, qızıl alınması dollar aktivlərinin satılması fonunda baş verir.
Müxtəlif ölkələrin mərkəzi bankları ilin üçüncü rübündə ümumilikdə 148,4 ton qızıl əldə edib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 22 faiz çoxdur. Rusiyadan başqa, qızılın əsas alıcıları sırasında Türkiyə və Qazaxıstanın mərkəzi bankları da var.