İsveçdə milli valyutanın elektron versiyası hazırlanır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, krallıqda rəqəmsal kron (milli valyuta) yaradılması üzrə yeni pilot layihəsi hazırlanıb. Yeni layihəyə ölkə parlamentində baxılmalıdır, lakin İsveç Bankında bu layihənin uğurla implementasiya olunması üçün hansı hüquqi normaların tətbiq edilməli olması öyrənilir.
Yeni sistem mobil qurğulara yüklənə biləcək proqram əlavələrinin köməyi ilə bütöv bir elektron sistem yaradılmasını nəzərdə tutur. E-kronu plastik kartlarda yerləşdirmək və ödənişlərin həyata keçirilməsi üçün ondan istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, İsveçdə nağd pullar praktiki olaraq, dövriyyədən çıxıb. Artıq bu gün İsveç dünyada nağdsız hesablaşmaların ən çox aparıldığı ölkədir. Burada demək olar ki, hər yerdə ödənişi plastik kartlar və ya mobil qurğular vasitəsilə həyata keçirmək olar. Bir çox bankların bölmələri, restoranlar, muzeylər və digər ictimai müəssisələr nağd pul qəbul edilməsini və ondan istifadə olunmasını tamamilə dayandırıblar. İstehlakçıların rahatlığı üçün İsveçdə ödənişlər aparılması, sürətli pul köçürmələri, müştərilərin tanınması, habelə kreditlər verilməsi üçün müxtəlif mobil proqramlar yaradılıb. Bu və bir sıra başqa funksiyaları smartfonların köməyi ilə həyata keçirmək olar.