logo

Qalib Arif oğlunun məhkəməsində zərərçəkmiş şəxs kimi tanınıb

12:53 05-01-2018 | icon 3675
Qalib Arif oğlunun məhkəməsində zərərçəkmiş şəxs kimi tanınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi məhkəmə iclası başlayıb. YeniAvropa "Report"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1998-ci ildə Bakı şəhərində anadan olmuş A.Rəhimov subay və orta təhsilidir. Daha sonra zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib və hadisə zamanı dünyasını dəyişmiş şəxsin hüququ varisi elan olunub. Məhkəmədə Qalib Arif də iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Xatırladaq ki,  Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki,  qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.