logo

Monserrat Kabalye 86 yaşında vəfat edib

16:48 06-10-2018 | icon 4781
Monserrat Kabalye 86 yaşında vəfat edib

İspaniyanın məşhur opera müğənnisi Monserrat Kabalye şənbə günü səhər saatlarında Barselona xəstəxanasında vəfat edib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, müğənninin dəfn mərasimi oktyabrın 8-nə təyin olunub. Kabalye sentyabr ayında sidik yolunda yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.

Monserrat Kabalye 1933-cü il aprelin 12-də Barselonada anadan olub. Yerli Liseo teatrının nəzdində fəaliyyət göstərən konservatoriyada təhsil alıb.1956-cı ildə Bazel operasında çıxış edib. 1965-ci ildə Amerika müğənnisi Merlin Hornun xəstələnməsi səbəbindən Qaetano Donisettinin Lukresiya Borcia partiyasında onu əvəzləməklə dünyada məşhurluq qazanıb. Kabalyenin triumfu o qədər möhtəşəm alınıb ki, tamaşaçılar onu 20 dəqiqə alqışlayıblar.

1965-ci ildə Nyu-Yorkun “Metropoliten-opera” truppasında, 1970-ci ildə Milanın “La Skala” və 1972-ci ildə Londonun “Kovent-Qarden” teatrlarında debüt edib. Müğənninin repertuarında ümumilikdə 125-dən çox opera partiyaları var idi. O, bir neçə Grammy mükafatına layiq görülmüşdü.

2015-ci ilin dekabrında Barselona şəhər məhkəməsinin qərarı ilə vergidən yayınmaqda ittiham olunan Monserrat Kabalye 6 ay həbs cəzasına və 254 min avro cəriməyə məhkum edilmişdi.