logo

"2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ediləcək

14:44 23-05-2024 | icon 2366
"2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ediləcək

"2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Bildirib ki, layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2 % səviyyəsində kəsirlə təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarına bərabər götürülüb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib. Bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur.

Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır.