logo

“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

13:13 28-03-2024 | icon 819
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.

Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib. Qeyd olunub ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə paytaxtda istismar müddəti bitmiş, sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz edilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı, şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb.

Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Qeyd olunub ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi vurğulanıb. Eyni zamanda, “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi şayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə olunub.

Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki, paytaxtımız son illərdə böyük sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib və şənbə günü paytaxt ərazisində geniş iməcilik və ağacəkmə aksiyalarının keçirilməsi qərara alınıb.