logo

Sinoptiklərdən güclü külək, yağış və qar xəbərdarlığı

15:55 17-03-2024 | icon 1631
Sinoptiklərdən güclü külək, yağış və qar xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Martın 19-da gündüz şimal-qərb küləyi əsəcək, küləyin sürəti martın 20-də saniyədə 15-20 metrədək, 20-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 19-da gündüz qərb küləyi əsəcək. Küləyin sürəti martın 20-də bəzi yerlərdə arabir saniyədən 15-20 metrədək güclənəcək.

Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.