logo

Azərbaycan Elm Fondu  qrant müsabiqəsi elan edib

10:20 15-03-2024 | icon 987
Azərbaycan Elm Fondu  qrant müsabiqəsi elan edib

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak etmək, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 12-ci “Mobillik qrantı” müsabiqəsini elan edir.

Fonddan YeniAvropa-ya bildirilib ki, perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Müsabiqədə iştirak etmək üçün layihələr martın 15-dən 29-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin may-iyun aylarında açıqlanması planlaşdırılır.

Layihələrin növləri:

- QMTK - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi;

Azərbaycan Elm Fondu bir ayadək olan təcrübəkeçmə proqramlarını dəstəkləyir və təcrübəkeçmə ilə bağlı şərtlərdən asılı olaraq (təcrübəkeçmənin baş tutacağı təşkilatla bağlı xərclər Fond tərəfindən ödənilmir) qismən maliyyələşdirilmə də baş tuta bilər.

- XETİ - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi.

Əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az) yerləşdirilib.