logo

Azərbaycanla Çin ekologiya sahəsində əməkdaşlıq edəcək

10:30 14-03-2024 | icon 2135
Azərbaycanla Çin ekologiya sahəsində əməkdaşlıq edəcək

Pekində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Ekologiya və Ətraf Mühit Nazirliyi arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi Çində səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu imzalayıblar.

Sənədə əsasən, tərəflər ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə, bərk məişət tullantılarının idarə edilməsi, biomüxtəlifliyin qorunması və ekoloji bərpası, ətraf mühit monitorinqi və digər sahələrdə əməkdaşlıq edəcəklər. Bundan başqa, Azərbaycan və Çin beynəlxalq və regional təşkilatlar çərçivəsində yaşıl inkişaf üzrə əməkdaşlıq nəzərdə tutulub. Bu məqsədlər üçün məlumat mübadiləsi və qarşılıqlı səfərlər həyata keçiriləcək, birgə tədbirlər təşkil olunacaq, elmi tədqiqatlar, ortaq layihələr icra olunacaq.

Azərbaycan nümayəndə heyətinin Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu ilə görüşündə bildirilib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı qarşılıqlı etimad və dostluq münasibətləri Azərbaycan və Çin əlaqələrinin müxtəlif sahələrdə sürətlə inkişafını təmin edir. Qeyd olunub ki, Azərbaycan Çinin irəli sürdüyü təşəbbüslərə, o cümlədən “Kəmər və Yol” strategiyasına ilk dəstək verən ölkələrdən biridir.

Nazirlər Azərbaycanın və Çinin inkişaf etməkdə olan ölkələr kimi müxtəlif sahələrdə, o cümlədən ekologiya, ətraf mühitin və biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl inkişaf sahələrində qarşılıqlı faydalı əməkdaşlıq potensialı böyükdür.

Nazir Muxtar Babayev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyinə hazırlıq prosesinə dair qarşı tərəfi məlumatlandırıb.

Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu Azərbaycanın dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan COP29-u uğurla təşkil edəcəyinə əminliyini bildirib, ölkəsinin COP29-da fəal iştirak etməyə və Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu deyib.