Martın 11-dən Ramazan ayı başlayır-Qafqaz Müsəlmanları İdarəsi fətva verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
YeniAvropa fətvanın mətnini təqdim edir:
“Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, müqəddəs orucluq ayında ibadətlərimizin qəbula yetməsini Uca Allah-taaladan diləyir. Ramazan ayı və orucu İlahi əmrdir, bu barədə Qurani-Kərimdə belə buyurulur:
“Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun...” (Bəqərə, 185).
Sonsuz nemətləri ilə bizi mükafatlandıran Uca Rəbbimizə raz-niyaz edirik ki, “Qurani-Şərif”in nazil olduğu, min aydan xeyirli Qədr gecələrinin qərar verildiyi mübarək Ramazani-şərifdə vacib oruc ibadətimizi layiqincə yerinə yetirməkdə və fəzilətləri ilə əxlaqımızı kamilləşdirməkdə yardımçımız olsun! Əziz Peyğəmbərimiz (s) belə buyurmuşdur:
“Ramazan ayı daxil olduğu zaman səmanın qapısı açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər”.
Qazılar Şurası builki Ramazan fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/33 saylı və 2024-cü il 28 fevral tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edəcəkdir, inşallah!
Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs Bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcəkdir.
Əziz müsəlman qardaş və bacılar, İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edirik ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Xüsusi olaraq bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.
Rəhman və Rəhim Allahdan duamız budur ki, yeni dövrünü yaşayan ölkəmizi və xalqımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı və müzəffər ordumuzu bəlalardan hifz edib qorusun, bayrağımızı uca, dövlətimizi və dinimizi daimi etsin, bu mübarək ayın xeyir və bərəkətindən Vətənimizin və millətimizin nəsibini versin! Qadir Allah oruc və namazlarımızı qəbul etsin, bizi məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!”.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır