logo

Ceyhun Bayramov Antalyada ATƏT-in baş katibi ilə görüşüb

11:45 02-03-2024 | icon 2163
Ceyhun Bayramov Antalyada ATƏT-in baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 2-də Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.

Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.