logo

TAP-la indiyədək Avropaya 33 milyard m3 qaz nəql olunub

15:15 29-02-2024 | icon 1162
TAP-la indiyədək Avropaya 33 milyard m3 qaz nəql olunub

Trans-Adriatik Boru Kəməri(TAP) ilə indiyədək Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşündə bildirib.

Görüşdə TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq 1,2 milyard m3 genişləndirilməsinin birinci mərhələsi üzrə görülən işlər, növbəti genişlənmə üçün aparılan bazar sınaqlarının gedişatı, regional qaz təchizatı infrastrukturlarının inkişafına dair müzakirələr aparılıb.

Boru kəmərinin əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacağı, İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcəyi bildirilib. TAP-ın İtaliya da daxil Avropa ölkələrinin qaza tələbatının əhəmiyyətli hissəsini qarşıladığını vurğulayan Luka Skyepatti Azərbaycan qazının enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpaolunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.