logo

XII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir

13:13 28-02-2024 | icon 987
XII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir

RF Stavropol diyarının Mineralnı Vodı şəhərində XII Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.

YeniAvropa xəbər verir ki, forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi(AZPROMO) ilə birgə təşkil edilib. Azərbaycan nümayəndə heyətinin tərkibinə aqrosənaye kompleksi, rəqəmsallaşma, turizm kimi sahələri təmsil edən təqribən 100 nəfər daxildir.

Tədbir Stavropol diyarının iqtisadi inkişaf naziri Denis Polyubinin moderatorluğu ilə B2B və B2G formatında “Rusiya və Azərbaycanda kiçik və orta sahibkarlar üçün əməkdaşlıq imkanları” mövzusunda biznes-sessiya ilə başlayıb.

Biznes-sessiyada çıxış edən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan ilə Rusiya arasında ikitərəfli iqtisadi əlaqələrin ticarət və investisiya tərəfdaşlığının genişlənməsinə töhfə verdiyini qeyd edib.

Orxan Məmmədov vurğulayıb: “Bugünkü tədbirdə iştirak edən dövlət qurumlarının rolu bizim birgə təşəbbüslərimizi dəstəkləmək, əməkdaşlığı inkişaf etdirmək, həmçinin yaranan problemlərin həllinə kömək etməkdir”. Onun sözlərinə görə, rəhbərlik etdiyi struktur Rusiya Federasiyasının müvafiq strukturları ilə əlaqələrə böyük əhəmiyyət verir, rəhbərlik etdiyi agentliklə Rusiyanın müvafiq strukturları arasında müqavilə bazası mövcuddur.

Orxan Məmmədov sahibkarların biznes təşəbbüslərini təşviq etmək və işgüzar əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məqsədi daşıyan bir sıra birgə tədbirlərin keçirildiyini bildirib. O əlavə edib: “Bu gün Rusiya Federasiyasının regionları ilə də iki ölkə arasında qarşılıqlı əlaqələri genişləndirəcək sazişlər imzalanacaq”.

RF “KOS Korporasiyaları” SC-nin Beynəlxalq fəaliyyət departamenti rəhbərinin müavini Yevgeniya Yeqorova çıxışında qeyd edib ki, Rusiya bir çox sahələrdə Azərbaycanla əməkdaşlıq edir, o cümlədən kiçik və orta müəssisələrin tərəfdaşlığı inkişaf mərhələsindədir. O əlavə edib: “Regionlararası forum çərçivəsində belə sessiyaların təşkili bizim üçün yaxşı ənənəyə çevrilib. Biz konkret təşəbbüslər və layihələr çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edirik”.

Biznes-sessiya kiçik və orta müəssisələrə dəstək tədbirləri, o cümlədən beynəlxalq əməkdaşlığın inkişafı üçün rəqəmsal şəraitin yaradılması, KOB xətti ilə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin əmtəə nişanları kimi mövzuların müzakirəsi ilə davam edib.

Həmçinin Rusiyadakı kiçik və orta biznes nümayəndələri ilə Azərbaycanın özəl sektoru arasında B2B formatında danışıqlar aparılıb.