logo

III Bakı Elm Olimpiadası keçiriləcək

11:22 23-02-2024 | icon 4403
III Bakı Elm Olimpiadası keçiriləcək

Bakı şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.

Olimpiada 9-cu və 10-cu sinif şagirdləri arasında iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə iştirak edəcək komandalar fevralın 29-dək elektron qeydiyyatdan keçməlidirlər.

Martın 9-da keçiriləcək olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

Birinci mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq.