logo

ATƏT PA-nın qış sessiyası başlayıb

14:34 22-02-2024 | icon 959
ATƏT PA-nın qış sessiyası başlayıb

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyası fevralın 22-də Avstriyanın paytaxtı Vyanada işə başlayıb.

YeniAvropa xəbər verir ki, sessiyanın açılışında ənənəyə uyğun olaraq, Avstriya parlamentinin sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Pia Kauma, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq, təşkilatın baş katibi Helqa Maria Şmid və digər rəsmilərin çıxışları nəzərdə tutulur.

Sessiyada ölkəmizi Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev təmsil edirlər.

Tədbir çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin və Daimi komitənin iclasları keçiriləcək. Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti qurumun qış sessiyasının və komitə iclaslarının gündəliklərinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək.

Sessiya öz işinə fevralın 23-də yekun vuracaq.