logo

Azərbaycan “Dünya xalqları forumu”nda təmsil olunub

10:50 11-02-2024 | icon 875
Azərbaycan “Dünya xalqları forumu”nda təmsil olunub

Küveyt Universiteti və Küveytdə fəaliyyət göstərən “talk” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Dünya xalqları forumu” adlı mədəni tədbir keçirilib. Tədbirdə Küveyt Dövlətində akkreditə olunmuş 5 qitədən 40-dan çox ölkənin səfirliyi və beynəlxalq təşkilatı iştirak edib. Tədbir çərçivəsində ölkələrin tarixini, adət-ənənələrini, milli geyimlərini, xalçalarını, musiqisini, mədəni irsini, turizm potensialını və milli mətbəxini əks etdirən geniş sərgi təşkil olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib. Bildirilib ki, səfirliyin və “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə sərgidə Azərbaycan stendi qurulub. Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, milli geyimləri, xalçaçılıq sənəti, turizm potensialı barədə ətraflı məlumat verilib, həmçinin çap materialları nümayiş etdirilərək paylanılıb.

Tədbirdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar xüsusi guşə hazırlanıb. İştirakçılara Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib.

Səfirlik üzərində Yuxarı Gövhər Ağa məscidinin şəkli əks olunmuş kiçik xalçaları təşkilatçılara hədiyyə olaraq təqdim edib.

Bununla yanaşı, tədbirdə səfirliyin dəstəyilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı, Şuşa şəhərinin mədəniyyət abidələrini, tarixi binalarını, kulinariyasını, füsunkar təbiətini, işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa və quruculuq işlərini və orada keçirilən mədəni tədbirləri əks etdirən kitabça, habelə Şuşa şəhəri ilə bağlı “İrs” jurnalının xüsusi buraxılışı, Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” festivalına həsr olunmuş tədbirlərə aid digər təbliğat materialları iştirakçılara təqdim edilib.

Həmçinin sərgidə ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, gəzməli və görməli yerlərini, tarixi məkanlarını və milli-mənəvi dəyərlərini əks etdirən broşürlər nümayiş olunub.

Tədbirdə xalqımıza məxsus milli qadın geyimlərində olan icma üzvlərimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, sərgiyə gələnlərə Azərbaycan mətbəxinə aid yeməklər, şirniyyatlar (şəkərbura, paxlava və s.) təqdim olunub.

Bununla yanaşı, “Made in Azerbaijan” məhsullarının Küveytdə təbliği məqsədilə “Azərsun Holdinq”in “Bizim Tarla” və “Azərçay” brendlərinin məhsulları da sərgi iştirakçılarına hədiyyə edilib.

Sərgini universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Küveyt ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Küveytdəki təmsilçiliyi tədbir iştirakçılarına Bakı-Küveyt-Bakı istiqaməti üzrə uçuş cədvəli və xidmətlər barədə ətraflı məlumat verib.