logo

Türkiyədə zəlzələ qurbanlarının xatirəsi anılır

09:09 06-02-2024 | icon 1589
Türkiyədə zəlzələ qurbanlarının xatirəsi anılır

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür. Ölkənin hər yerində 6 fevral zəlzələlərində həyatını itirənlərin xatirələri anılır.

YeniAvropa xəbər verir ki, zəlzələ bölgələrində insanlar gecəni küçələrdə keçiriblər. Axşam saatlarından etibarən vətəndaşlar əllərində Türkiyə bayraqları və çiçəklərlə şəhər meydanlarına axın ediblər.

Səssiz yürüşlər keçirilib.Türkiyənin bütün məscidlərində həyatını itirənlər üçün sübh namazları qılınıb, dualar oxunub.

Bir çox dövlət qurumları və özəl şirkətlər tərəfindən ehsanlar verilir. Bütün vilayətlərdə anım mərasimləri keçirilir, dövlət rəsmilərinin başsağlığı mesajları yayımlanır. Prezident Rəcəb Tayyib Ərdoğan mesajında əsrin fəlakətində ölkəsinin əsrin birliyini nümayiş etdirdiyini bildirib.

Bu gün Türkiyə prezidenti zəlzələnin mərkəzi Kahramanmaraşa səfər edəcək, zərər çəkən vətəndaşlarla görüşəcək. Orada 9 min 289 mənzilin sahibi püşkatma yolu ilə müəyyən ediləcək.

Zəlzələnin birinci ildönümündə təxminən 46 min yeni mənzil sahiblərinə təqdim edilir. Qarşıdan gələn iki ay ərzində isə daha 75 min mənzilin sahiblərinə təqdim edilməsi planlaşdırılır. Bu rəqəmin ilin sonuna qədər 200 minə çatacağı gözlənilir.

Ümumdünya Səhiyyə Təşkilatı 6 fevral zəlzələlərini bölgənin ən böyük fəlakətlərindən biri kimi qiymətləndirib. Şiddəti 500 atom bombası gücünə bərabər hesablanan, bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb.

Türkiyənin Qazi Universitetinin təbii fəlakətlərin idarəolunması üzrə mütəxəssisi Bülent Özmen bildirib ki, ötən bir il ərzində zəlzələnin meydana gəldiyi ərazilərdə 57 mindən çox təkan və ya afterşok qeydə alınıb.