logo

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

21:03 18-09-2018 | icon 5089
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

YeniAvropa xəbər verir  ki,  festivalın açılışı SSRİ xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik etdi. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Nazir vurğulayıb ki, festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçiriləcək. Festivalın açılışında isə müxtəlif müəlliflərin əsərləri səslənəcək. Bu əsərlərin sırasında xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın böyük bəstəkarı, Üzeyir bəy və Qara Qarayev məktəbinin layiqli davamçısı Xalq artisti Arif Məlikovun da əsəri yer alır. Bu il bəstəkarın 85 illik yubileyidir. Bəstəkarın yubileyi silsilə tədbirlərlə qeyd edilməkdədir.

Nazir dövlət başçısı İlham Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Məlikovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyaraq ali mükafatı yubilyara təqdim edib.

Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib.

Festival sentyabrın 28-dək davam edəcək.