logo

Rəqabət Məcəlləsi ölkədə  biznes mühitini sağlamlaşdıracaq-Deputat

15:15 30-01-2024 | icon 847
Rəqabət Məcəlləsi ölkədə  biznes mühitini sağlamlaşdıracaq-Deputat

Azərbaycan İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırıb ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra yeni mərhələyə daxil olub. Postmüharibə mərhələsinin vəzifələrini dolğun şəkildə həyata keçirməkdən ötrü hərbi sahədə olduğu kimi, digər sahələrdə də, o cümlədən iqtisadiyyatda, təhsildə, elmdə, səhiyyədə də rəqabətqabiliyyətli olmalıyıq. Bu baxımdan 2030-cu ilədək müəyyənləşdirilmiş Milli Prioritetlərdə Azərbaycanda dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat və rəqabətli insan kapitalı, müasir innovasiyalar məsələləri xüsusi yer tutur. Həmin məsələlərin uğurlu həlli digər şərtlərlə yanaşı, ölkədə inhisarçılıq meyillərinin aradan qaldırılmasını və azad rəqabətin təşviqini tələb edir. Çünki inhisarçılıq şəraitində bazarın böyük hissəsini ələ keçirən, təklifin həcminə və qiymətlərə nəzarət edən şirkət, yaxud hər hansı digər qurum təklifin həcmini və qiymətini seçməklə mənfəətini maksimuma çatdıra bilir. Bu hal inhisarçı üçün sərfəli olsa da, son nəticədə iqtisadiyyatın səmərəliliyinə, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Həmçinin qiymətlərin tələb-təklifə uyğun surətdə qalxıb-enməsinin əksinə, inhisarçıların diktəsi ilə davamlı şəkildə artmasına səbəb olur. Ona görə də ölkəmizdə haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən olunması məqsədilə Rəqabət Məcəlləsi hazırlanıb və qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli söyləyib.

Ə.Məsimli bildirib ki, Rəqabət Məcəlləsi Azərbaycanda azad və sağlam rəqabətin təmin olunması, inkişafın ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir. Məcəllə rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyənləşdirir, sahibkarlıq da daxil olmaqla, iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.

“Rəqabət Məcəlləsinin qəbulu və təsdiqi çox mühüm hadisədir. Məcəllənin işlək reallaşdırma mexanizminin hazırlanıb tətbiqi, sənəddə nəzərdə tutulan tələblərə dolğun şəkildə əməl edilməsi də eyni dərəcədə vacib şərtdir. Rəqabət Məcəlləsinin səmərəli tətbiqi inhisarçılıq və haqsız rəqabət meyillərinin azalmasına, azad rəqabət və əlverişli biznes mühitinin formalaşmasına, investisiya qoyuluşlarının və innovativ fəallığın artmasına gətirib çıxaracaq ki, bu da, ilk növbədə, özəl sektorun üzləşdiyi bir sıra problemlərin aradan qaldırılmasına, onun əhatə dairəsinin genişlənməsinə və səmərəliliyinə müsbət təsir göstərəcək. Qısacası, Rəqabət Məcəlləsi ölkədə biznes mühitinin sağlam əsaslar üzərində inkişafına müsbət təsir edəcək”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, yeni sənəd həm də ölkədə iqtisadi artım templərinin yüksəlməsinə, yavaşımış iqtisadi artım trayektoriyasından sürətli artım trayektoriyasına keçidə və bir sıra ciddi məsələlərin həllinə rəvac verəcək. Rəqabət istehsalın və təklifin artmasına, bu isə öz növbəsində əsassız qiymət artımını şərtləndirən amillərin aradan qalxmasına, qiymətlərin optimallaşmasına, məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaq.

Ölkəmizdə qiymət artımına idxal inflyasiyasından əlavə, inhisarların qiymətləri süni şəkildə qaldırmalarının ciddi təsir göstərdiyini deyən deputat bildirib: “Qiymətlər ətrafında manipulyasiyalar əhalinin sosial vəziyyətinə, həmçinin kiçik və orta sahibkarlığın inkişafına mənfi təsir edir. Əgər nəzərə alsaq ki, inflyasiya yaradan amillər içərisində azad rəqabətin inhisarla əvəzlənməsi xüsusi yer tutur, deməli, Rəqabət Məcəlləsinin qəbulu inhisarçılığa qarşı mübarizəyə, qiymətlərin optimallaşdırılmasına və bir sıra məhsullar üzrə qiymətlərin azalmasına imkan vermək baxımından əhəmiyyətlidir”.