logo

Azərbaycanda 2 yeni həbsxana kompleksi istifadəyə verilib

13:58 22-01-2024 | icon 651
Azərbaycanda 2 yeni həbsxana kompleksi istifadəyə verilib

Ədliyyə sahəsində inkişafın təmin edilməsi istiqamətində verilən tapşırıqlarа uyğun olaraq aparılan köklü islahatlar çərçivəsində ötən ilin sonunda Bakının Umbakı qəsəbəsində və cari ilin əvvəlində Lənkəran şəhərində yeni penitensiar komplekslər istifadəyə verilib.

YeniAvropa xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verib. 

Nazir müavini çıxışında ötən ilin əlamətdar günlər və mühüm hadisələrlə zəngin olduğunu vurğulayıb. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən lokal antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi bərpa olunub, məcburi köçkün düşmüş minlərlə vətəndaş “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində öz doğma yurdlarına qayıdıb. 

M.Seyidovun sözlərinə görə, ötən dövrdə Penitensiar xidmətin infrastrukturunun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma və maddi-məişət şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilib. Penitensiar xidmətə işə qəbul sahəsində şəffaflığın və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə işə qəbul barədə elanlar verilib, Müsabiqə Komissiyasının tərkibinə İctimai Şuranın nümayəndələri daxil edilib.

Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov xidmətin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi bildirib ki, ötən il ərzində Penitensiar xidmət tərəfindən qarşıda duran vəzifələr yerinə yetirilib, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üzərində nəzarətin gücləndirilməsi və profilaktik işin daha səmərəli təşkili nəticəsində cinayətlərin, rejim pozuntularının sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələrə nail olunub. Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin daha səmərəli təşkili nəticəsində göstəricilər əldə edilib, daxili işlər və prokurorluq orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində 1997-ci ildə bir nəfərin, digər dövrlərdə 4 nəfərin qətlə yetirilməsi və bir nəfərin həyatına sui-qəsd faktları ilə bağlı qalmış cinayətləri törətmiş şəxslər müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinərək barəsində axtarış elan edilmiş bir nəfər saxlanılıb, 5 fakt üzrə Bakı şəhərinin ərazisində 21 kiloqramdan çox narkotik maddələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Baş idarə və tabe qurumlarda təmir-abadlıq işləri aparılıb, əməkdaşların iş şəraitlərinin yaxşılaşdırılması məqsədilə xidməti otaqlar yeni avadanlıqlarla təchiz edilib. Xidmətin fəaliyyəti barədə cəmiyyətə vaxtında düzgün və dolğun məlumatların verilməsi, şəffaflığın artırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə Çağrı mərkəzi, eləcə də sosial şəbəkələrdə yeni rəsmi səhifələr yaradılıb, xidmətin internet səhifəsi yenilənib. 

Məhkumların reinteqrasiya prosesinin gücləndirilməsi çərçivəsində ictimai faydalı əməyə cəlb olunmaları üçün digər dövlət qurumları ilə birlikdə yeni layihələrin həyata keçirilməsi, onlar üçün peşə kurslarının təşkili, yeni istehsalat sahələrinin yaradılması istiqamətində də uğurlara imza atılıb. Yeni yaradılmış istehsalat sahələrində ictimai faydalı əməyə cəlb olunan məhkumların sayında artım müşahidə olunub. Bu sahədə görülmüş işlər, habelə aparılan fərdi tərbiyəvi tədbirlər nəticəsində məhkumlar tərəfindən dəymiş ziyanın ödənilməsi 2,4 dəfə artıb.

Ötən dövr ərzində məhkumların Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının daha geniş tətbiq edilməsi məsələsinə də diqqət artırılıb. Nəticədə 2023-cü ildə 11 məhkumun müəssisənin hüdudlarından kənara qısamüddətli səfərə getməsinə şərait yaradılıb, Tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 7 məhkum isə müəssisənin hüdudlarından kənarda keçirilən mədəni-kütləvi tədbirlərə tamaşa etmək üçün şəhər gəzintisinə çıxarılıb.

Müşavirədə Ədliyyə Nazirliyinin məsul rəhbər şəxslərinin və Penitensiar xidmətin tabe qurumlarının rəhbərlərinin çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqlar verib.