logo

Lavrov Zəngəzur dəhlizindən danışıb

17:57 18-01-2024 | icon 840
Lavrov Zəngəzur dəhlizindən danışıb

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması prinsipləri haqqında kağız üzərində qalan razılaşmaları başa çatdırmaqda Ermənistana nəyin mane olduğunu bilmirəm. Amma yaxşı bilirik ki, Cənubi Qafqazda həmişə Qərbdən olan dostların xoş məsləhətləri olur və bəzən prosesin bu və ya digər iştirakçısı həmin məsləhətləri qəbul edir. Lakin hamıya çox yaxşı məlumdur ki, Qərbin məsləhətləri həmişə region ölkələri arasında tarazlıq və maraqlara əsaslanan razılaşmaların axtarılıb tapılmasına deyil, onların öz siyasi məqsədlərinə nail olunmasına istiqamətlənib.

YeniAvropa xəbər verir ki, bu barədə RF XİN-in başçısı Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

RF XİN-in başçısının sözlərinə görə, 2020-ci il 10 noyabr tarixli Bəyanatda deyilir ki, bütün nəqliyyat əlaqələri açılır və Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin edir. Bu nəqliyyat əlaqəsi üzərində nəzarəti isə Rusiya FTX-nin sərhəd orqanları yerinə yetirir.

S.Lavrov deyib: “Mən cənab Paşinyanın Ermənistandan tranzit şərtlərinin Azərbaycandan İran ərazisindən keçməklə Naxçıvana tranzitdə istifadə olunacaq şərtlərlə eyni olmasını istəməsini məntiqli hesab etmirəm. Bu marşrutları müqayisə etmək yersizdir. Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmışdı ki, bütün marşrutların açılması zamanı həmin marşrutun keçəcəyi ölkə bu marşrutlar üzərində tam suverenliyini və yurisdiksiyasını qoruyub saxlayır”.

O xatırladıb ki, 2023-cü ilin iyununda baş nazirlərin müavinləri səviyyəsində dəmir yolu nəqliyyatının bərpası haqqında razılıq əldə olunub. S.Lavrov əlavə edib: “Bu məsələ razılaşdırılıb və İrəvanda səfərdə olarkən prezident Putin tərəfindən, həmçinin KTMT sammiti platformasında baş nazir Paşinyanla müzakirə edilib. Bunun çox müsbət qarşılandığını yaxşı xatırlayıram, amma sonra hər şey birdən-birə yox oldu. Əlbəttə, biz çox gözəl başa düşürük ki, razılaşmalardan bu cür geriçəkilmələr adi hal alıb və bu, təəssüf doğurur”.

S.Lavrov bildirib ki, bu əlaqənin bərpasının alternativi yoxdur və onun parametrləri üçtərəfli Bəyanatda təsbit olunub. O qeyd edib: “Marşrut Rusiya FTX-si sərhəd xidmətinin nəzarəti altında Ermənistanın suveren ərazisindən keçir. Orada, həmçinin Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvan ərazisinə çıxış üzrə prinsipial sərhəd və gömrük prosedurları razılaşdırılıb”.