logo

Ciddədə ICESCO İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib

11:55 18-01-2024 | icon 875
Ciddədə ICESCO İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə yüksək səviyyəli rəsmilər, həmçinin nazirlər, səfirlər və üzv dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndələri, beynəlxalq və regional təşkilatlar iştirak ediblər.

Açılış sessiyası “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Sonra ICESCO-nun Səudiyyə Ərəbistanı üzrə Milli Komissiyasının Baş katibi Əhməd bin Əbdüləziz Əl-Blihed çıxış edərək Krallığın milli, regional və beynəlxalq səviyyələrdə elm, mədəniyyət və təhsili dəstəkləmək səylərindən danışıb.

ICESCO-nun Baş direktoru Salim Əl-Malik öz müraciətində İcraiyyə Şurasının sessiyasının üzv dövlətlərin nümayəndələrinə il ərzində əldə edilən nailiyyətləri və növbəti il üçün perspektivləri qiymətləndirmək imkanı verdiyini söyləyib. O qeyd edib ki, milli komissiyaların rəhbərləri fəaliyyət planları və proqramların icrasına dair yekun hesabat haqqında öz fikirlərini bildirəcəklər.

Baş direktor Fələstin Dövlətinin təhsil, mədəniyyət və elm sahələrində dəstəklənməsi üçün orada ICESCO-nun bürosunun yaradılması təşəbbüsünü açıqlayıb. O əlavə edib ki, bu tədbir Suriya, Sudan, Yəmən, Liviya, Somali və digər üzv dövlətlərdə də həyata keçiriləcək.

Salim Əl-Malik ICESCO-nun Xoşməramlı Səfirlər Proqramının inkişafına toxunub, bu proqrama siyasət və mədəniyyət sahəsində bir sıra görkəmli xadimlərin əlavə edildiyini qeyd edib. Onun sözlərinə görə, bu yaxınlarda Seneqal Respublikasının Prezidenti Maki Sall da xoşməramlı səfir seçilib. O vurğulayıb ki, son illər ICESCO-nun əsas büdcəsi üç dəfə artıb və bu, yeni layihələrin həyata keçirilməsinə imkan verir.

Sessiya zamanı Misir və Banqladeşdən olan iki qalib qrup 2023-cü il üçün ICESCO-nun qızlar və qadınlar arasında savadlılıq mükafatı ilə təltif edilib.

Açılış sessiyası ICESCO, nüfuzlu institutlar və üzv dövlətlər üçün proqramların və inkişaf layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşmış qurumlar arasında bir sıra tərəfdaşlıq və anlaşma memorandumlarının imzalanması ilə yekunlaşıb.

Sessiyanın açılışından sonra təşkilatın fəaliyyət hesabatlarını və qarşıdan gələn iki il üçün planlarını nəzərdən keçirmək üçün ICESCO İcraiyyə Şurasının 44-cü Sessiyasının panel müzakirələri keçirilib.