logo

Prezidentliyə namizədlərə həftədə 3 dəfə 3 saatlıq  ödənişsiz efir vaxtı veriləcək

15:56 13-01-2024 | icon 973
Prezidentliyə namizədlərə həftədə 3 dəfə 3 saatlıq  ödənişsiz efir vaxtı veriləcək

Növbədənkənar prezidenti seçkiləri ilə bağlı ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılacaq.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, MSK artıq seçki dairələrinin siyahısını dərc edib, açıq və qapalı seçki yerləri müəyyənləşdirilib.Həftədə 3 saat efir vaxtı vermək imkanı var. MSK vaxtın uzadılması ilə bağlı yerli televiziya kanalları ilə danışıqlar aparır:“Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək.

Bundan əlavə yerli media orqanlarından ödənişsiz təşviqat işlərində namizədlərə dəstək məqsədilə “Azərbaycan”, “Xalq” , “Bakinski raboçiy” qəzetlərinin sırasına artıq “Respublika” qəzeti də qoşulub”.

Rövzət Qasımov deyib ki, ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma yanvarın 15-i saat 14:00-a təyin edilib.

Püşkatma komissiyasının tərkibinə MSK üzvləri Qabil Orucov, Fuad Cavadov, Almaz Qəhrəmanlı, MSK mətbuat katibi Şahin Əsədli daxil edilib.

Xatırladaq ki, fevralın 7-ə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak üçün MSK 7 nəfərin-İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Fuad Əliyevin namizədliklərini qeydə alıb.