logo

"Zaqreb Open": Güləşçilərimiz növbəti mərhələyə yüksəlib

20:20 12-01-2024 | icon 1260
"Zaqreb Open": Güləşçilərimiz növbəti mərhələyə yüksəlib

Xorvatiyada güləş üzrə "Zaqreb Open" turniri davam edir.

YeniAvropa xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın 6 güləşçisi xalça üzərinə çıxıb.

Kişilər arasında 77 kiloqramda yunan-Roma güləşçisi Sənan Süleymanov türkiyəli Ahmet Yılmaza (3:1), bolqarıstanlı Aik Mnatsakanyan (2:0) və almaniyalı İdris İbayevə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyənin digər təmsilçisi Yunus Emre Başarı (3:3) sonuncu xal prinsipinə əsasən üstələyən Süleymanov finalda macarıstanlı Joltan Levayla qarşılaşacaq.

Bu çəkidəki digər təmsilçimiz Xasay Həsənli ilk mərhələdə finlandiyalı Conni Sarkkinenə uduzub – 3:8.

87 kiloqramda İslam Abbasov 1/16 finalda macarıstanlı İştvan Takaça minimal fərqlə məğlub olub – 2:3.

Qadınların mübarizəsində isə 59 kiloqramda Alyona Kolesnik ilk turda ukraynalı Alina Filipoviçə (5:2) qalib gəldikdən sonra moldovalı Mariana Esanuyə uduzub – 3:4. Kolesnik son turda macarıstanlı Nikolet Şaboyla qarşılaşacaq.

Birgül Soltanova (62 kiloqram) təsnifat mərhələsində fransalı İriş Tibunu mübarizədən kənarlaşdırıb – 6:0. Ancaq 1/8 finalda rusiyalı Veranika İvanova keçilməz olub – 0:11.

Elis Manolova (68 kiloqram) ilk mərhələdə hindistanlı Radika Radikaya məğlub olub – 4:7.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində indiyədək üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.